Amnesty İnternational: Vidadi İsgəndərlinin ölümündə şübhəli bilinənlərin hamısı məsuliyyətə cəlb edilməlidir

Vidadi İsgəndərli (Mənbə: Sosial şəbəkə)

Amnesty İnternational hüquq-müdafiə təşkilatı Fransada mühacirətdə bıçaqlanma nəticəsində ölən azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə bağlı açıqlama yayıb.

Amnesty İnternational təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib ki, Vidadi İsgəndərlinin zorakılıqla öldürülməsi operativ şəkildə araşdırılmalıdır.

“Biz Fransa hakimiyyətini onun öldürülməsinin bütün mümkün motivlərini, o cümlədən onun sürgün edilməsinə səbəb olan Azərbaycan prezidenti və hökumətini tənqid etməsini nəzərə almağa çağırırıq. Bu mənfur cinayət təcili araşdırılmalı və şübhəli bilinənlərin hamısı ədalətli məhkəmə yolu ilə məsuliyyətə cəlb edilməlidir”, o qeyd edib.

Onun sözlərinə görə, son illərdə ikinci dəfədir Fransada mühacirətdə yaşayan azərbaycanlı bıçaqla hücumun qurbanı olur.

“Fransa hökuməti Fransada beynəlxalq müdafiəyə müraciət edən, risk altında olan şəxslərin effektiv müdafiəsini təmin etməlidir. Dünya icitmaiyyəti Fransada azərbaycanlı mühacirlərə qarşı törədilən hücumlara görə kimin məsuliyyət daşıdığını və bunun bir daha baş verməməsi üçün atılan addımları bilməlidir”, o qeyd edib.

Məlumatda deyilir ki, Azərbaycan hökumətini və prezident İlham Əliyevi açıq tənqidi çıxışları ilə tanınan hüquq müdafiəçisi Vidadi İsgəndərli sentyabrın 29-da Fransanın Müluz şəhərindəki mənzilində silahlı hücuma məruz qalıb və aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada ölüb. O, zorakılığa məruz qalıb və 20-dən çox bıçaq zərbəsi alıb.

“Vidadi İsgəndərli 2015-ci ildə öz ölkəsində təqiblərə məruz qaldıqdan sonra Fransada beynəlxalq müdafiəyə müraciət edib. 2021-ci ilin martında azərbaycanlı bloger və müxalifətçi Məhəmməd Mirzəli Fransanın Nant şəhərində 16 bıçaq zərbəsinə məruz, lakin sağ qalıb.

Fransız səlahiyyətliləri altı şübhəlinin həbsinə səbəb olan təhqiqat başlayıb. Hücumun təşkilatçısının adı açıqlanmır. Məhəmməd Mirzəli bundan sonra mühafizə altındadır”, Amnesty İnternational bildirir.