Accessibility links

Hollandiya polisi siyasi mühacirləri təhlükə ilə bağlı xəbərdar edib


Türkel Əlisoy (Azərtürk)
Türkel Əlisoy (Azərtürk)

“Dünən axşam evimizə Hollandiyanın polis əməkdaşları gəliblər. Polis əməkdaşları bildirirlər ki, onlarda mənim və daha 9 nəfərin həyatına qəsd hazırlanması ilə bağlı etibarlı mənbədən (Azərbaycandan) alınmış məlumatlar var. Yeri gəlmişkən, rəsmi sənədlərdə bu qəsdi Azərbaycan hökumətinin təşkil etdiyi yazılır. Hazırda baş idarədə bununla bağlı araşdırma aparılır, polis aşağıda adını qeyd edəcəyim adamların maksimum ehtiyatlı davranmalarını tövsiyyə edir: Qənimət Zayidov (Zahid), Emin Əhmədbəyov, Türkel Əlisoy (Azərtürk), Leyla Yunus, Arif Yunusov, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli.”

Bu barədə hazırda siyasi mühacirətdə olan jurnalist Türkel Əlisoy Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, təhlükədən Avropa polisi xəbərdardır və məsələni nəzarətə götürüb.

“Dəyərli dostlar, son 10 gün ərzində yaşadığım kənddə və ondan kənarda bir neçə dəfə ayrı-ayrı şəxslər tərəfindən izləndiyimi hiss etmişəm. Bunu dostlardan bir neçəsi ilə bölüşsəm də, məsələni ictimailəşdirməmişəm. Açığı, durumu bir az da ciddiyə almamışam. Amma indi vəziyyət bir az fərqlidir,” o qeyd edib.

Türkel Əlisoy Amerikanın Səsinə müsahibəsində xəbəri təsdiq edib.

Türkel Əlisoy: Polis təhlükə ilə bağlı ailəmizi xəbərdar edib
please wait

No media source currently available

0:00 0:02:10 0:00

“Fevralın 12-də Hollandiya polisi evimizə gələrək bizi xəbərdarlıq edib. Mən polis evimizdə olarkən Leyla Yunusla da telefon əlaqəsi saxladım. Leyla xanım da təhlükədən xəbərdar olduğunu bildirdi,” o qeyd edib.

Onun sözlərinə görə, gələn həftənin ikinci günü polis təhlükəziliklə bağlı daha detallı müzakirə aparmaq üçün yenidən jurnalistin evinə gələcək.

“Onlar ailəmizin özünü təhlükədən necə müdafiə etməsi ilə bağlı təlimat verəcək. İlkin müdafiə üçün bir neçə telefon nömrələri verib. Şübhəli məqam yaranan kimi həmin telefonlara zəng edəcəyik.”

Əlisoyun sözlərinə görə, polis bu gün övladalrının olduğu uşaq bağçasına gələrək bu qurumu da təhlükə ilə bağlı xəbərdar edib.

Türkel Əlisoy xaricdə fəaliyyət göstərən "Azərbaycan saatı" internet televiziya proqramının aparıcısıdır. O, Azərbaycan hökumətini və hökumət üzvlərini kəskin tənqidi verilişləri ilə tanınır.

Azərbaycan tərəfi bu məlumatla bağlı şərh verməyib.

Adları sadalanan ictimai fəallar və jurnalistlər son illər Avropa ölkələrinə mühacirət edib. Onların bir çoxu ölkədə təqiblərə və həbsə məruz qaldıqdan sonra ölkədən gedib.

XS
SM
MD
LG