Fransa polisi Vidadi İsgəndərlinin qətli ilə bağlı intensiv istintaq aparır

Vidadi İsgəndərli

Fransanın Myuluz şəhərinin polisi və prolurorluğu bu şəhərdə azərbaraycanlı siyasi mühacir Vidadi İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı qaldırlmış cinayət işi üzrə intensiv istintaq işləri aparır. Kriminal polis və prokurorluq böyük istintaq qrupu yaradıb. Artıq İsgəndərlinin ailə üzvləri, qohumları dindirilib.

Bu barədə Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, polis istintaq sirri səbəbindən istintaqın gedişi ilə bağlı hələ hər hansı məlumatın yayılmasını istəmir.

İsgəndərli deyib ki, dünyanın çoxsaylı tanınmış media qurumları da siyasi mühacirin qətlinə diqqət ayırıb.

“Bu qətllə bağlı çoxsaylı jurnalist Vidadinin ailəsində olub, çəkilişlər aparıb, məlumatlar və məqalələr dərc edib. Fransanın demək olar ki, bütün mediası, həmçinin yerli şəhər mediası Vidadinin qətli ilə bağlı məqalələr dərc edir", o qeyd edib.

Oqtay İsgəndərli qardaşının nəşinin hələ də ekspertiza üçün vəfat etdiyi hospitalda saxlanıldığını bildirib.

“Mənə deyirlər ki, Vidadinin nəşini ola bilsin ki, bir həftə, hətta iki həftə ekspertiza aparılması üçün saxlasınlar”.

O, Vidadi İsgəndərlinin dəfninin Myuluz şəhərində olacağını bildirib.

"İndiki şəraitdə onun nəşinin Azərbaycana aparılması praktiki mümkün deyil. Ailəsi də istəyir ki, dəfn Myuluz şəhərində olsun", Oqtay İsgəndərli qeyd edib.

Siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da Fransanın Myuluz şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb və oktyabrın 1-də bu şəhərin hospitalında vəfat edib. Naməlum şəxslər İgəndərliyə 24 bıçaq zərbəsi endirib.

Vidadi İsgəndərli bundan öncə də, 2022-ci il iyunun 16-da da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalmışdı. O, qəfildən 10-12 nəfər silahlanmış şəxsin onu öldürməyə cəhd etdiyini bildirmişdi. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli sifarişin Azərbaycan hakimiyyətindən gəldiyini hesab etdiyini bildirmişdi.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınırdı.

O, 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. İsgəndərli 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli Fransaya 2015-ci ildə mühacirət edib.