Azərbaycanın Laçın və Ukraynanın İrpin şəhərlərinin qardaşlaşması haqqında memorandum imzalanıb

Məsim Məmmədov və Oleksandr Markuşin (Mənbə: AZƏRTAC Dövlət Agentliyi)

Sentyabrın 30-da Azərbyacanın Laçın şəhəri ilə Ukraynanın İrpin şəhərlərinin qardaşlaması haqqında memorandum imzalanıb. Memorandumu Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Laçına səfər edən İrpin şəhərinin meri Oleksandr Markuşin imzalayıb.

Memoranduma əsasən iştirakçılar tarixi-mədəni irsin qorunması, şəhərsalma, ətraf mühitin mühafizəsi, abadlıq, ictimai nəqliyyat, informasiya texnologiyaları, enerji səmərəliliyi, tullantıların idarə edilməsi, gənclər və idman sahələrində məlumat və təcrübə mübadiləsi yolu ilə əməkdaşlıq edəcəklər.

Məsim Məmmədov və Oleksandr Markuşin (Mənbə: AZƏRTAC Dövlət Agentliyi)

İmzalanma mərasimindən sonra Ukrayna nümayəndə heyəti şəhərə nəzarət geri qaytarıldıqdan sonra Laçın şəhərində aparılan bərpa-tikinti işləri ilə tanış olub.

İrpin şəhərinin meri Oleksand Markuşin deyib ki, bu gün xüsusi bir gündür. Ukrayna ilə Azərbaycan arasında onilliklər ərzində mövcud olan dostluq əlaqələri rəsmi olaraq möhkəmləndirilib.

“Bu gün biz münasibətlərimizin inkişafında yeni səhifə açırıq. Qarşıda çoxlu birgə layihələr, mədəni mübadilələr, uşaqlarımızın sağlamlığının yaxşılaşdırılması, iqtisadi təşəbbüslər olacaq. Biz bir-birimizdən öyrənib, gələcək təcrübə mübadiləsinə, o cümlədən icmalar üçün birgə səmərəli işlərin qurulmasına töhfə verəcəyik”, o bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqının dəstəyi Ukrayna üçün əvəzsizdir.

“Azərbaycan hökuməti SOCAR şirkəti ilə birlikdə İrpinin mühüm binalarını, xüsusən Zərifə Əliyeva adına 12 saylı liseyi, şəhər klinikasını qısa müddətdə bərpa edib,” o, qeyd edib.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov görüşwn çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Memorandumun imzalanması şəhərlərimizin tarixi, mədəniyyəti və həyat; ilə yaxından qarşılıqlı şəkildə tanış olunması, həm də dostluq əlaqəsinin yaradılması üçün nəzərdə tutulub. Bu sənəd nəinki beynəlxalq müstəvidə, həmçinin şəhərlərin icmaları arasında iqtisadi, mədəni, turizm və təhsil sahələrində əlaqələrin inkişafına töhfə verəcək,” o deyib.