Təbrizin tarixi Həsən Padişah Meydanı əsrlər boyu şəhərin simvollarından biri olmuş, məscidlər və mədrəsələr kimi tarixi binaları ilə tanınmışdır. Lakin zamanla meydan tədricən məhv edilmiş və bir hissəsi şəhərsalma layihələri prosesində dağıdılmışdır.
Son illərdə İran mediası Həsən Padişah Meydanının bəzi hissələrinin təmiri və yenidən qurulması prosesinə başlandığını elan etsə də, bu işlər olduqca yavaş irəliləyir. Bu bərpa prosesinin yavaş irəliləməsi səbəbindən şəhər sakinlərinin əksəriyyəti bu tarixi meydanın bərpa layihəsindən xəbərsizdir.
Təbrizin Ümumdünya İrs Saytı olan tarixi üstüörtülü bazarının müdiri Nasir Zəvari meydanın bərpası üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmamasını tənqid edib. Zəvari bu tarixi kompleksin bərpası üçün 30 milyard rial ayrıldığını, lakin bu məbləğin işin miqyasına uyğun olmadığını bildirib.
O, bərpa işlərinin ciddi şəkildə irəliləməsi üçün daha çox maliyyə resursunun vaxtında təmin edilməsinin vacibliyini vurğulayaraq, “indiki büdcə ilə böyük irəliləyiş əldə etmək mümkün deyil” - deyə, qeyd edib.
İran Azərbaycanı bölgələrində tarixi abidələrin məktəblərdə uşaqlara təqdim olunmaması və öyrədilməməsi, maarifləndirmə çatışmazlığı nəticəsində nəsillərin tarixi irslərindən uzaqlaşması və həmçinin dövlət orqanlarının son yüz ildə bu abidələri lazımi səviyyədə qorumaqda səhlənkarlıq etməsi, onların unudulması və məhv olma prosesini sürətləndirir.
SEE ALSO: Təbrizdə Ağqoyunluların tarixi irsi Həsən Şah Meydanı acınacaqlı vəziyyətdədirTəbrizin tarixi Həsən Şah Meydanı Ağqoyunlu sülaləsi dövründən qalan möhtəşəm abidələr kompleksidir və bir vaxtlar İsfahandakı Nəqş-i Cahan meydanından iki dəfə böyük idi. Lakin zamanla baxımsızlıq və şəhərsalma layihələri nəticəsində meydanın çox hissəsi dağıdılıb. Meydanın qalan kiçik bir hissəsi acınacaqlı vəziyyətdədir.