Accessibility links

Təbrizin Şazda Bağında dağılmış tarixi köşkün restavrasiyası dayandırılıb


Təbriz
Təbriz

Təbrizin Şazda Bağı məhəlləsi bu il başa çatdırılması nəzərdə tutulan tamamilə dağılmış pavilyonun yenidən qurulması layihəsində heç bir irəliləyiş yoxdur.

2022-ci ilin yanvarında Təbrizin o vaxtkı bələdiyyə başqanı İrəc Şəhin Baher Təbrizdəki Şazda Bağı məhəlləsinin dağılmış köşklərindən birisinin yenidən qurulması layihəsinin başlandığını bildirmişdi.

“Biz beşinci şəhər şurası səlahiyyət müddətinin sonuna qədər binanın inşası üçün icra fəaliyyətini başa çatdırıb, açmağa çalışırıq," keçmiş bələdiyyə başqanı bildirmişdi.

Keçən ilin noyabrında Təbrizin hazırkı bələdiyyə başqanı Yaqub Huşyar İRNA xəbər agentliyinə bu layihənin dayandırılması barədə məlumat verərək, bildirmişdi ki, bu layihənin həyata keçirilməsi üçün lazımi kredit gələcək günəş ilində ayrılacaq. Təbrizdə bələdiyyə başqanının dəyişdirilməsi və indi şəhər şurasının altıncı dövrünün işinin başlanmasından iki il keçməsinə baxmayaraq, bu layihəyə kredit ayrılmaması səbəbilə dayandırılıb.

Təbriz hazırkı bələdiyyə başqanının İran mətbuatına verdiyi son açıqlamalara görə, son bir neçə ildə tikilməsi nəzərdə tutulan tarixi imarətin yalnız cənub hissəsinə gedən yolun daş döşəməsi və binanın beton tökülməsi işləri görülüb.

Bu köşk birinci Pəhləvilər dövründə Təbriz şəhərinin yenidən qurulması və müasirləşdirilməsi bəhanəsi ilə dağıdılan Şazda Bağı kompleksindəki möhtəşəm tikililərdən yalnız biridir.

İmarətin Ağqoyunlular dövrünə aid olduğu və Sultan Yaqubun əmri ilə tikildiyi bildirilir. Ağqoyunlulardan sonra isə Səfəvilər və Qacarlar kimi digər türk sülalələrinin hakimiyyəti zamanında bu imarətdən istifadə olunduğu bildirilir.

İslam Respublikasına aid olan mediada, Təbrizin tarixi binalarının Pəhləvi dövründə geniş şəkildə dağıdılmasının səbəblərini izah edərkən, Pəhləvilərin Qacar sülaləsinə qarşı nifrətini buna səbəb kimi göstərilir.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin səlahiyyətlisinin açıqladığına görə, Təbrizin tarixi binalarının 90 faizindən çoxu məhv edilib. İranda bəzi milli fəallar Təbrizdəki bu tarixi abidələrin ilk Pəhləvilər dövründə Təbriz şəhərinin kimliyini və tarixini təmizləmə siyasəti nəticəsində sistemli şəkildə məhv edildiyinə inanırlar.

XS
SM
MD
LG