Təbrizin Mədəni İrs İdarəsinin rəisi Seyid Ramin Əsbəqi Zeynuddin Əmi qüslxanasına ziyan dəydiyini bildirib.
İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Əsbəqi iyulun 27-də tarixi abidəyə ziyan dəydiyini bəyan edib. O bildirib ki, dağıntı törədən şəxslər barəsində məhkəməyə müraciət edilib. Lakin hələlik dağıntını törədən şəxslərin kimliyi və məqsədləri barədə məlumat yoxdur.
Zeynuddin Əmi qüslxanası Qacarlar dövrünə aid olub və Təbrizin Azərbaycan küçəsində yerləşdiyi eyniadlı tarixi qəbiristanlığında yerləşir. Bu tarixi abidə 2005-ci ilin iyununda İranın milli abidələri siyahısına daxil edilib.
İran hökumət rəsmiləri Təbriz şəhərinin tarixi binalarının 90faizdən çoxunun məhv olduğunu bildirir. Buna baxmayaraq, qalan tarixi abidələr yaxşı vəziyyətdə deyil və onların qorunması üçün lazımi mühafizə tədbirləri həyata keçirilməyib.
Ekspertlər son əsrdə inşaat işləri ilə bağlı aparılan dağıntılar nəticəsində Təbrizin tarixi memarlıq quruluşunun özəlliyinin əsas etibarilə itirilldiyini bildirir.
Mediada Təbrizdə bəzi tarixi abidələrin bələdiyyə tikinti layhələri çərçivəsində dağıdılması ilə bağlı vaxtaşırı məlumatlar yayılır.
Forum