Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, məktubunda Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyduğunu vurğulayan Dövlət katibi bildirib: “Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır”.
Dövlət katibi Azərbaycanın öndə gedən rolunu gücləndirilməsini və regionu transformasiya edə biləcək bərpaolunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərini alqışlayır.
“Əsrin müqaviləsi” bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur. Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək, qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla, müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır”, məktubda qeyd edilir.
1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyar dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 13 milyard ABŞ dolları həcmində qiymətləndirilib.
“Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, Lukoyl, Statoyl, UNOCAL, Lukoyl, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak edirdi. Bu müqavilədə Böyük Britaniyanın British Petroleum (qoyulacaq investisiyanın 17,12 faizi) və Ramco (2,08 faizi), ABŞ-nin Amoco (17,01 faiz), UNOCAL (11,2 faiz), Pennzoyl (9,81 faiz), McDermott (2,45 faiz), Rusiyanın Lukoyl (10,0 faiz), Norveçin Statoyl (8,56 faiz), Türkiyənin Türkiyə Petrolları şirkətinin (1,75 faiz) və Azərbaycan Dövlət Neft Şirkətinin 20 faiz payı var idi.
İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olub, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatıb və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilib. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşür.