ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd etmək üçün oktyabrın 1-də ABŞ səfirinin iqamətgahında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti Gary Jones, həmçinin enerji mütəxəssisləri, diplomatik korpus nümayəndələri və hökumət rəsmilərinin iştirakı ilə ziyafət təşkil edib.
ABŞ Səfirliynin məlumatında deyilir ki, Azərbaycanın enerji ixracatı qlobal və Avropa enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir və ABŞ bunu yüksək qiymətləndirir.
Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir.Li Litzenberger, ABŞ səfiri
Səfir Litzenberger ziyafətdəki çıxışında deyib: “Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır, Gürcüstan, Türkiyə və Avropa Birliyinin enerji təhlükəsizliyinə strateji töhfə verir. Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir. Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən, ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Birləşmiş Krallıq və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir,” səfir qeyd edib.
1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılıb.
"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.
2017-ci ildə Bakıda SOCAR və BP-nın rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın "Əsrin müqaviləsi"nin 2050-ci ilədək işlənməsinə dair yeni saziş imzalanıb.