Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov sentyabrın 20-də bu ölkənin Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində aclığa başlayıb. O, aclığa başladığı barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə sentyabrın 21-də rəsmi müraciət edib.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sentyabrın 20-də onunla görüşündən sonra Amerikanın Səsinə bildirib.
“Əfqan bildirdi ki, Gürcüstan hökuməti, bu ölkənin məhkəməsi onunla bağlı ədalətli qərar verməyib. Məhkəmələr təqdim olunan sübutlara və faktlara qiymət vermədən ədalətsiz qərarlar çıxardı. Gürcüstan məhkəmələri Azərbaycanda jurnalist barəsində qaldırılan saxta cinayət işi ilə bağlı müraciəti qüvvədə saxlayıb, onun ekstradisiyasına qərar verib. O dedi ki, Gürcüstan Miqrasiya Xidmətinin ədalətli qərar verəcəyini düşünüb. Amma, Miqrasiya Xidməti də heç bir araşdırma aparmadan məhkəmənin qərarını qüvvədə saxlayıb. O bildirdi ki, Azərbaycanda və Gürcüstanda qanunlar işləmirsə başqa çıxış yolu görmür. Bu səbəbdən aclıq aksiyasına başladığını bəyan etdi”, Sadıqova qeyd edib.
Your browser doesn’t support HTML5
Həyat yoldaşının dediyinə görə, jurnalist, barəsində ədalət bərpa olunanadək aclığı davam etdirəcəyini bəyan edib.
Sadıqova həyat yoldaşının səhhətində də problemlərin olduğunu deyib.
“Əfqanın saxlanıldığı kamerada pəncərə şüşəsi belə yox idi. O xəstələnmişdi. Çoxsaylı müraciətlərimizdən, mediada açıqlamalarımdan və ombudsmana müraciətimdən sonra onun saxlanıldığı kameranın pəncərəsini kartonla bağlayıblar. İndi durumu bir az yaxşıdır”, o qeyd edib.
Sevinc Sadıqova özünün və uşaqlarının da həyatının təhlükədə olduğunu deyib.
“Məni, hətta uşaqlarımı addım-addım izləyirlər. İzlənildiyimizi uşaqlarım belə hiss edir. Qorxu içərisində yaşayırıq. Təhlükəsizliyə görə, uşaqlarımı məktəbə də buraxmıram. Hər anımızı addım-addım izləyirlər. Mən bizi izləyənləri gürcülərə oxşadıram. Mən və uşaqlarım dəhşət yaşayırıq”, o, göz yaşlarını saxlaya bilməyib.
Gürcüstan Miqrasiya Xidməti sentyabrın 5-də və 13-də jurnalist Sadıqovla müsahibə apardıqdan sonra ona siyasi sığınacaq verilməsindən imtina edilib. Sadıqovun vəkilləri Miqrasiya Xidmətinin qərarından məhkəməyə şikayət veriləcəyini bildirib.
Jurnalist Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.
Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq-müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.
Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.
Çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb.
Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib. Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Muxtarlı ilə bağlı şikayəti təmin edib. Məhkəmə Gürcüstan hökumətinin 12500 avro, Azərbaycan hökumətinin isə 8500 avro təzminat ödəməsi barədə qərarını elan edib.
Jurnalist Əfqan Sadıqov ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.