Təbrizdə məhkəmə qərarı ilə 5 aylıq Alp Aslana şəxsiyyət vəsiqəsi verilib

Təbriz Qeydiyyat İdarəsi

Təbrizdə bir valideyn övladına şəxsiyyət vəsiqəsi almaq üçün altı aylıq hüquqi mübarizəni uğurla tamamlayaraq, məhkəmə qərarı əsasında Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi əldə edib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Alp Aslan adlı uşaq türk mənşəli adı səbəbindən şəxsiyyət vəsiqəsi ala bilməyib. Valideyni bu qərara etiraz edərək qanuni şəkildə Təbriz Qeydiyyat İdarəsinə şikayət verib və nəticədə Təbriz Ümumi və Hüquqi Məhkəməsinin 118-ci şöbəsi valideynin xeyrinə qərar çıxarıb.

Məhkəmə qərarına əsasən, azərbaycanlı valideyn oğluna Alp Aslan adı ilə şəxsiyyət vəsiqəsi ala bilib. Bundan əvvəl də Təbrizdə başqa bir ailə, iki il davam edən məhkəmə prosesindən sonra övladlarına eyni adla şəxsiyyət vəsiqəsi almağa nail olmuşdu.

SEE ALSO: Təbrizli ailə 27 ay hüquqi mücadilədən sonra oğluna AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi ala bilib

Sosial şəbəkələrdə yayılan məhkəmə qərarının surətində "Alp Aslan" adının cəmiyyətdə narazılıq və ya ikrah doğurmadığı, inzibati sənədlərdə hər hansı problem yaratmadığı vurğulanıb və bu adın istifadəsinə icazə verildiyi bildirilib. Qərarda, eyni zamanda, ölkənin mülki qanunvericiliyinə də istinad olunub.

Bəzi hallarda ailələr uzunmüddətli hüquqi mübarizədən sonra, aylar və ya illər keçdikdən sonra övladlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilsələr də, türk mənşəli adların qeydiyyatı ilə bağlı problemlərin hələ də davam etdiyi açıq şəkildə görünür. Bir çox ailə, seçdiyi türk adından imtina etməyə və ya siyahıda olan digər türk adlarını seçməyə məcbur qalır ki, övladları üçün şəxsiyyət vəsiqəsi ala bilsinlər.

İranda türklərin milli adlarını övladlarına qoymalarına tez-tez maneələr yaradılır. Qeydiyyat orqanları adətən bu adları rəsmi siyahıya uyğun olmadığını və ya əcnəbi hesab edildiyini, İslam və ya İran dəyərləri və kimliyinə uyğun olmadığını əsas gətirərək qəbul etmir. Bu səbəbdən valideynlər məhkəmə yolu ilə hüquqlarını müdafiə etməyə məcbur olurlar.