Accessibility links

Təbrizli ailə 27 ay hüquqi mücadilədən sonra oğluna AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi ala bilib


Təbrizdə yaşayan Əvəzpur ailəsi 27 ay mücadilədən sonra Alp Aslan adlı oğlan uşağına şəxsiyyət vəsiqəsi ala bilib.

Ailə 2021-ci ilinin oktyabr ayında uşağına seçdiyi türk adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat şöbəsinə müraciətinin rədd edilməsindən sonra məhkəməyə müraciət etmişdi.

Abbas Lisani Telegram kanalının surətini yaydığı şəxsiyyət vəsiqəsində AlpAslan Əvəzpurun doğum tarixi 30 oktyabr 2021 olaraq qeyd edilib. Şəxsiyyət vəsiqəsi 27 yanvar 2024-də verilib.

2021-ci ilinin dekabr ayında Əvəzpur ailəsi AlpArslan adı ilə şəxsiyyət vəsiqəsi üçün müraciət etmişdi. Həmin günlərdə ailənin müraciəti ilə əlaqədar bir məhkəmə sənədinin surəti sosial şəbəkələrdə paylaşılmışdı. Əvəzpur ailəsi təqribən 27 ay sonra AlpArslan deyil, AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi alıb.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Atakan, Ayıl, Duyğu, Hakan, Elcan, Elin, Anar, Türkay, Tarkan, Dolunay və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat şöbələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

İranın vətəndaşlıq qeydiyyatı idarələri adətən adın “əcnəbi olduğu”, “İslam və ya İran dəyərlərinə uyğun olmadığı” və ya “təsdiq olunmuş adlar siyahısında olmaması” kimi iddiaları irəli sürərək bəzi türkcə adlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

Forum

XS
SM
MD
LG