Sentyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan ilə Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Nazrlik bildirir ki, danışıq zamanı iki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.
Nazir Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə ümidvar olduğunu deyib.
“Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpası və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb”, məlumatda qeyd edilir.
Bununla yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin son inkişafı Ukraynada rəsmi səviyyədə olmasa da, bir sıra sosial şəbəkə iştirakçıları tərəfindən tənqidlə qarşılanıb. Hətta sosial şəbəkələrdə SOCAR-Ukraynaya qarşı etiraz aksiyalarının olduğu barədə məlumatlar yer alıb. Bununla belə, SOCAR-Ukrayna müharibə başlayandan Ukraynada təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.
Həmçinin Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq, Ukraynaya humanitar yardımlarını davam etdirir.
Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayrılıb. Elektrik avadanlı1larından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.