"Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır".
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası sentyabrın 6-da Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına istinadən qeyd edib.
Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan İlham Əliyev deyib: "Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”, İlham Əliyev deyib.
Bundan sonra prezident Əliyev bildirib ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir. Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlət başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”, o bildirib.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-yə qaz ixracının dayandırılması Azərbaycan qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan, İtaliya, Serbiya, Rumıniya, Macarıstan, Serbiyaya qaz ixracı ilə yanaşı Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilin birinci yarısında qaz hasilatı artsa da, neft və kondensat hasilatı 800 min tondan çox azalıb.
"Azərbaycan hökuməti cari ilin dövlət büdcəsini qəbul edərkən 2024-cü ildə ölkədə 29,6 mln ton neft və kondensat hasil edəcəyini proqnozlaşdırmışdı. Amma ilin ilk yarısının nəticələri onu göstərir ki, hasilat 29 milyon tondan aşağı səviyyəyə qədər azala bilər. Ötən il ölkədə 30,1 mln ton çıxarılmışdı", o qeyd edib.
Cənub Qaz Dəhlizi haqqında
Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,"Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.