Accessibility links

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə müqavilə imzalanıb


Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə müqavilə imzalanıb
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə müqavilə imzalanıb

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə nazirlərin (Rəhbər Komitənin) Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşıb.

Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq. Layihənin TİƏ-nin həyata keçirilməsinə məsul qurum kimi BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq”, Şahbazov qeyd edib.

Azərbaycan Prezidenti Ilham Əliyev iyunun əvvəlində bildirib ki, Azərbaycan elektrik enerjisi ixrac edən ölkədir.

“Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır”, o bildirib.

Onun bildirdiyinə görə Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat elektrik enerjisi təşkil edir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcədə də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.

“Azərbaycan Avropa ilə artıq üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bu baxımdan bu il martın 1-də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak edir”, o qeyd edib.

İlham Şaban deyib ki, Özbəkistan və Qazaxıstan da üçüncü enerji dəhlizinin açılmasında fəaldır.

“Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır”, o qeyd edib.

2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəql etmək üçün Macarıstana və Avropanın qalan hissəsinə çatdıracaq.

Forum

XS
SM
MD
LG