Avropa İttifaqı (Aİ) Azərbaycanda son parlament seçkilərinin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə baş tutduğunu qeyd edərək Azərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələrini yerinə yetirməyə çağırıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası ötən gün yaydığı ilkin bəyanatında sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini qeyd edib.
Beynəlxalq müşahidəçilər, həmçinin, seçkilərin seçicilərə həqiqi siyasi alternativlər təklif etmədiyini, səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə keçirildiyini vurğulayıb.
İlkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.
Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano sentyabrın 3-də yaydığı bəyanatında səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.
“Avropa İttifaqı Azərbaycan hakimiyyətini ATƏT/DTİHB-nin bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini yerinə yetirməyə çağırır. Aİ bu prosesə yardım etməyə hazırdır”, Peter Stano qeyd edib.
Rəsmi Bakı Aİ rəsmisinin bəyanatına gecikmədən münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi İttifaqın sözçüsünün səsləndirdiyi fikirlərin “subyektiv” və “qərəzli” olduğunu, seçkilərin qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib.
“ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı əvvəlcədən müəyyən edilmiş mənfi münasibətini təkrarlayan Aİ sözçüsü tərəfindən bu cür subyektiv iddia və qərəzli siyasi mülahizə etibarsızdır. Seçkilər ölkə Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib”, Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
Hacızadə həmçinin Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini “Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələrinin faydasız olduğunu anlamağa və diqqəti bəzi Avropa İttifaqına üzv dövlətlərin daxili problemlərinə yönəltməyə” çağırıb.
Növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.
İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd edirlər.
Seçkiləri boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və onun elan olunan nəticələri tamamilə saxtadır.
24 namizədlə seçkidə iştirak edən, elan edilən ilkin rəsmi nəticələrə görə yer qazana bilməyən Müsavat Partiyası isə seçkilərin azad və ədalətli olmadığını qeyd edərək yeni formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmədiyini vurğulayıb.