Beynəlxalq akademik icma azərbaycanlı gənc alim Bəhruz Səmədovun həbsindən dərin narahatlıq ifadə edir və onun dərhal azadlığa buraxılmasına çağırır.
Avqustun 21-də saxlanılan və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən siyasi tədqiqatçı, Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur.
“Biz Səmədovun həbsindən və dövlətə xəyanətdə ittiham olunmasından dərin narahatıq. Biz bunu Cənubi Qafqazda davam edən sülh quruculuğu səylərini boğmaq, zorakılıq və müharibəyə qarşı çıxan tənqidi səsləri susdurmaq cəhdi kimi başa düşürük. Biz bunu qəbuledilməz və hökumətin sülhə doğru irəliləyişlə bağlı diskursuna zidd hesab edirik”, bəyanatda vurğulanır.
Bəyanata imza atanlar həmçinin Azərbaycanda son vaxtlar digər tədqiqatçıların, fəalların və jurnalistlərin artan həbsindən narahatlıq ifadə edir, Avropa Jurnalistlər Federasiyasının (EFJ) və PEN Amerikanın BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda haqsız yerə həbs edilmiş 23 jurnalist və media işçisini azad etməyə dair çağırışına qoşulduqlarını bildirirlər.
“Bu məktubla biz Azərbaycan hökumətini Bəhruz Səmədovu və Azərbaycanda olan digər siyasi məhbusları dərhal həbsdən azad etməyə və onların insan hüquqlarına hörmət etməyə çağırırıq”, müəlliflər vurğulayır.
Açıq məktubda Çexiya hökuməti və Avropa İttifaqı (Aİ) Bəhruz Səmədov və digərlərinin həbsdən azad edilməsi üçün səyləri artırmağa, COP29 Beynəlxalq Məşvərət Komitəsi və konfrans iştirakçıları noyabrda Bakıya səfər edərkən həbsdə olan azərbaycanlı tədqiqatçıların, fəalların və jurnalistlərin həbsini gündəmdə saxlamağa çağırılır.
SEE ALSO: Bəhruz Səmədovun nənəsi: Nəvəm sülh istədiyi üçün həbs olunubBəhruz Səmədov avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində barəsindəki həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasında çıxış edərək ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.
“Bəhruz Səmədov məhkəmədə bildirdi ki, o, tamamilə təqsirsizdir, dövlətə xəyanətdən söhbət gedə bilməz. O, ancaq sülh tərəfdarıdır, müharibələrin və insan itkilərinin əleyhinə olub”, Səmədovun vəkili Zibeydə Sadıqova bildirib.
Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib və gənc alimi həbsdə saxlayıb.
Bəhruz Səmədov son bir il ərzində Azərbaycanda həbs edilən beşinci elm adamıdır. Bundan əvvəl iqtisadçı alim Qubad İbadoğlu, iqtisadçılar Fazil Qasımov və Fərid Mehralızadə, tədqiqatçı İqbal Əbilov müxtəlif ittihamlarla həbs edilib.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları həbslərin siyasi motivli olduğunu, tənqidi səslərin susdurulmasına hesablandığını vurğulayır.
Ötən həftə ərzində ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Bəhruz Səmədovun, habelə jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsini narahatlıqla izlədiklərini qeyd edib və Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırıblar.
Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu vurğulayır.
“Dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə avqustun 25-də Aİ-nin bəyanatına münasibət bildirərkən deyib.