Accessibility links

Bəhruz Səmədovun nənəsi: Nəvəmlə əlaqə saxlamağa icazə vermirlər


Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova
Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova

Avqustun 28-də siyasi tədqiqatçı Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova Ombudsman Aparatının qarşısında etiraz aksiyasını keçirib.

Səmədovun nənəsi nəvəsinin günahsız olduğunu və heç bir əsas olmadan həbs olunduğunu bildirib:

"Bəhruz mənimlə həbs olunandan danışa bilməyib, görüşə də icazə vermirlər. O sülhdən başqa nə istəyib ki, onu şərləyib tutublar? Nəvəm Bəhruz dövlətə xəyanət etməyib, o ancaq sülh istəyir".

Osmananın sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan Səmədova kitablar aparıb, lakin kitabları ona geri qaytarıblar.

"Mənim nəvəmi kitabdan, telefondan, televizordan niyə məhrum ediblər? Tək-tənha saxlayırlar. İstəyirlər başına hava gəlsin?", deyə nənəsi bildirib.

Ombudsman Aparatının əməkdaşları Zibeydə Osmanovanı qəbula dəvət ediblər. Qəbuldan sonra Osmanova deyib ki, ərizə yazıb, həmin ərizədə də nəvəsinin günahsız olduğunu yazıb.

Hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və Ombudsman Aparatından məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Siyasi tədqiqatçı avqustun 21-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb. Evdən onun kompüterlərini, telefonlarını, sənədlərini, sertifikatlarını və kitablarını götürüblər.

Bəhruz Səmədov
Bəhruz Səmədov

Avqustun 23-də Səbail Rayon Məhkəməsi Bəhruz Səmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Siyasi tədqiqatçı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Səmədovun həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti hələ məlumat yaymayıb.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə məşhurdur.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Forum

XS
SM
MD
LG