Siyasi məhbus Tahir Nəqəvi həbsxanada döyülərək xəsarət alıb

Tahir Nəqəvi

Azərbaycanlı vəkil Tahir Nəqəvi avqustun 6-da Evin həbsxanasında hücuma məruz qalıb və boynuna aldığı ağır zərbələr nəticəsində ciddi şəkildə xəsarət alıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Evin həbsxanasının 6-cı bölməsində saxlanılan Tahir Nəqəvi, Mirhüseyn Musəvinin 2009-cu il seçkilərindəki müşavirləri olan Əlirza Beheşti və Qurban Behzadiyan-nejad ilə birlikdə həbsxananın quldur dəstələrinin hücumuna məruz qalıb və döyülüblər.

Bu məhbuslar həm psixoloji, həm də fiziki təzyiqlərə məruz qalırlar, lakin həbsxana rəhbərliyi siyasi məhbusların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbir görmür. Bəzi hüquq müdafiəçiləri və Tahir Nəqəvinin yaxınları Amerikanın Səsinə bildiriblər ki, bu hücum böyük ehtimalla Evin həbsxanasının 6-cı bölməsinin rəhbərinin razılığı ilə həyata keçirilib.

Hüquq müdafiəçisi Sina Yusifi, X hesabında Tahir Nəqəvinin sağlamlıq durumu haqqında məlumat verərək, onun boynundan ağır zədə aldığını və həbsxana rəhbərliyinin onun həbsxanadan kənar xəstəxanada müalicəsinə icazə vermədiyini bildirib. Taher Naqvi, həmçinin yüksək qan təzyiqi və qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkir. Həbsxanadakı şərait və ona qarşı tətbiq edilən təzyiqlər ailəsinin ciddi narahatlığına səbəb olub.

Türk fəal Tahir Nəqəvi fevralın ilk həftəsində İranın müxtəlif vilayətlərində təqribən 30 milli fəalın həbs olunduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O vaxtdan etibarən məhkəmə hökmü olmadan Evin həbsxanasında nəzarət alıtnda saxlanılır.

SEE ALSO: Tahir Nəqəvinin həbs müddəti uzadılmadan saxlanıldığı bildirilir

Nəqəvi təhlükəsizlik və məhkəmə orqanlarının azərbaycanlı fəallara qarşı qanunsuz hərəkətlərinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. Evin həbsxanasında saxlanılan milli fəalların işinə baxan hakim Əbülqasım Salavati ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalmış bir şəxsdir. O, bu fəalların zəmanət qarşılığında azadlığa buraxılmasına icazə vermir. Salavati, siyasi fəallara və hökuməti tənqid edənlərə ağır uzunmüddətli həbs və edam hökmləri verməsi ilə tanınır.