Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
58 kq çəki dərəcəsində yer alan idmançı avqustun 7-də baş tutan final görüşündə Cənubi Koreya təmsilçisi Park Tecunla qarşılaşıb. Maqomedov görüş zamanı zədələnərək qarşılaşmanı yarımçıq dayandırmalı və gümüş medalla kifayətlənməli olub.
Azərbaycanlı taekvondoçu bunadək 1/8 finalda irlandiyalı Cek Volliyə, 1/4 finalda ispaniyalı Adrian Visenteyə, yarımfinalda isə son Olimpiya çempionu italiyalı Vito Del Akvilaya üstün gəlməyi bacarıb.
Bununla da Azərbaycan millisi Paris Olimpiadasında hesabına üçüncü medalı yazdırıb.
Daha əvvəl cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmağa müvvəffəq olub.
Boksçu Alfonso Dominqes də finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Avqustun 11-ə kimi davam edəcək Yay Olimpiya Oyunlarında Azərbaycan millisi 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur.