Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Paris Olimpiya Oyunlarının açılış mərasimində Fransanın “France 2” dövlət telekanalında şərhçinin səsləndirdiyi fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz məktubu göndərib.
İyulun 26-da baş tutan açılış mərasimində Ermənistan idmançılarının paraddan keçidi zamanı şərhçi Ermənistanı Fransanın dostu adlandırıb və əlavə edib ki, “bu il erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb”.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi iyulun 28-də yaydıqları birgə məlumatda şərhçinin səsləndirdiyi fikilərin Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulması olduğunu bildiriblər.
“Dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir”, məlumatda qeyd edilir.
Komitə bildirib ki, baş verənlərlə əlaqədar BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.
Avqustun 11-ə kimi davam edəcək Yay Olimpiya Oyunlarında Azərbaycan millisi 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur.
Forum