ATƏT-in nümayəndəsi Əfqan Sadıqovun saxlanılması ilə bağlı narahatlıq ifadə edib

Tereza Ribeyro, ATƏT-in media azadlığı üzrə nümayəndəsi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro azərbaycanlı jurnalist Əfqan Sadıqovun Gürcüstanda həbs edilməsi ilə bağlı narahatlıq ifadə edib.

“Azərbaycanlı redaktor Əfqan Sadıqovun Gürcüstanda mümkün ekstradisiyasınadək saxlanılması narahatlıq doğurur. Gürcüstan Sadıqovun əvvəllər jurnalist fəaliyyətinə görə həbsdə olduğu Azərbaycanda üzləşə biləcəyi riskləri diqqətlə nəzərdən keçirməlidir. Hərtərəfli qiymətləndirmə lazımdır”, Ribeyro qeyd edib.

Avqustun 3-ü Tbilisidə Gürcüstan polisi tərəfindən saxlanılan Azel TV saytının rəhbəri Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Sadıqov Azərbaycanda “hədə-qorxu ilə tələb etmək” və “hədə-qorxu gəlmək” ittihamı ilə axtarışda olub. Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistə qarşı cinayət işinin detalları ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verməyib.

Avropa Mətbuat və Media Azadlığı Mərkəzinin sədr müavini, Avropa Parlamentinin keçmiş deputatı Rebekka Harms Sadıqovun azad edilməsi ilə bağlı çağırışlara qoşularaq bildirib ki, Gürcüstan hakimiyyəti və məhkəmə sistemi Azərbaycanın şəriki kimi çıxış etməməlidir.

“Gürcüstan hökuməti media azadlığını və mühacirətdə olan jurnalistləri qorumalıdır”, Harms X səhifəsində yazıb.

Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, ölkədən çıxışına icazə verilməsə də, bir qədər sonra sərbəst buraxılıb.

Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm, tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam”, Sadıqov Amerikanın Səsinə deyib.

Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.