İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Nizami Rayon Məhkəməsinin keçmiş diplomat Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə İbrahimovu həbsdə saxlayıb.
Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.
Onun szölərinə görə, Emin İbrahimovun özü məhkəmədə iştirak edib.
“O, qanunsuz həbsinə etiraz olaraq 6 gündür aclıq edir. Məhkəmədə bildirdi ki, ona aclığı dayandırmaq üçün təzyiqlər edilir. Ona hər hansı həkim nəzarəti yoxdur. Emin məhkəmədə dedi ki, onu şərləyiblər, ittihamın əsası və hər hansı sübutu yoxudr. İstintaqın zərərçəkmiş kimi tanıdığı şəxsi ümumiyyətlə görməyib və tanımır”, vəkil qeyd edib.
Bayramov Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.
3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan keçmiş diplomat İbrahimov həbsinə etiraz olaraq iyulun 24-dən aclıq edir.
İyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Vəkil Aqil Layıc bildirib ki, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
"Emin hadisəni belə təsvir edir: "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında mənzilinin təmiri ilə bağlı evinə gedərkən tanımadığı adam ona hücum çəkib və paltarını cırmağa başlayıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Özü qeyd etdi ki, onu izləyiblər və bu qeyd olunan "cinayət" qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır", vəkil qeyd edib.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.
"Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib", mətbuat xidmətindən deyiblər.
Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazdıqdan sonra inzibati həbsə məruz qalıb.
Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.