Yerevan Azərbaycan Müdafiə Nazirliyinin iddilarını təkzib edir

Ermənistan və ABŞ 15-24 iyul tarixlərində Ermənistanda birgə hərbi təlim keçirib

Rəsmi Yerevan Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanı sərhəddə təxribatlar törətməkdə günahlandırdığı 25 iyul tarixli bəyanatının “anlaşılmaz” olduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bəyanatında Ermənistanın son günlərdə Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətdiyini bildirib. Nazirlik detallarını açıqlamadığı “təxribatlar əməlləri”nin dayanmayacağı təqdirdə, “cavab tədbirləri” görəcəyini qeyd edib.

“Birləşmiş Ştatların Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən Avropa Sülh Fondu adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”, bəyanatda qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyi cavab olaraq Ermənistanı “qızışdırıcı ritorikaya cəlb etmək cəhdlərinin” qəbuledilməz olduğunu və Yerevanın sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Ermənistan Baş Nazirinin ofisinin Azərbaycana sərhəd insidentləri araşdırmaq üçün birgə mexanizm yaratmaq təklif etdiyini deyən Ermənistan XİN-in sözçüsü Ani Badalyan əlavə edib ki, belə bir mexanizm vəziyyətə aydınlıq gətirməyə və saxta məlumatların yayılmasının qarşısını almağa imkan verərdi. Onun sözlərinə görə, bu təklif hələlik cavabsız qalıb.

“Ermənistan Respublikası silahlı qüvvələrindəki islahatlara, silah və texnikanın əldə edilməsinə gəlincə, biz dəfələrlə bildirmişik ki, döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaqdan başqa heç bir məqsədi yoxdur”, Ermənistan XİN bəyanatında bildirib.

Fransa və Ermənistan arasında ötən ilin oktyabrında hərbi əməkdaşlığa dair sənədlərin imzalanması, ən son iyunun 18-də Fransanın Ermənistana “CAESAR” özüyeriyən haubitsalarının verilməsi ilə bağlı müqavilə imzalaması rəsmi Bakının ciddi etirazlarına səbəb olub.

Azərbaycan həmçinin Avropa İttifaqının iyulun 22-də Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro hərbi yardım ayırmasını “yanlış və təhlükəli addım” adlandırıb və regionda gərginliyin artmasına xidmət etdiyini qeyd edib.

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda diplomatik və hərbi səylərini tədricən Qərbə yönəldib.

Yerevan bu ilin fevralında Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü “dondurduğunu” açıqlayıb.

İyun ayının 12-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ölkələrini 44 günlük müharibədə Azərbaycana kömək etməkdə ittiham edərək təşkilatı tərk edəcəklərini deyib.

ABŞ və Ermənistan 15-24 iyul tarixlərində Ermənistanda birgə hərbi təlim keçirib. Moskva Yerevanla münasibətlərinin korlanması fonunda keçirilən təlimləri pisləyib və bunun Ermənistanın təhlükəsizliyini təhlükəyə atacağını bildirib.