1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 41 gündür aclıq aksiyasını davam etdirir. O, “qanusuz həbsinə” etiraz edir.
Bu barədə onunla telefon danışığından sonra qardaşı Nazim Qasımov iyulun 22-dəAmerikanın Səsinə bildirib.
“Fazilin vəziyyəti çox ağırdır. Onu təxridxananın sanitar-tibb hissəsinə köçürmələrinə baxmayaraq, sudan başqa qida və hər hansı qidalandırıcı dərman qəbul etmir. Səsi batıb. Dünən həkimlər 17 kiloqram arıqlayaraq 50 kiloqram olduğunu bildirib. Təzyiqi çox aşaıdır. Amma yalvarışlarımıza baxmayaraq Fazil sonadək aclığı davam etdirəcəyini bildirdi. O günahsız olduğunu bildirir və inadından dönmür”, o qeyd edib.
Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib ki, Fazil Qasımovla bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb.
Onun sözlərinə görə, Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Hazırda Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, o qeyd edib.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.