Accessibility links

Fazil Qasımov 31 gündür aclığı davam etdirir


Fazil Qasımov (Mənbə: Facebook)
Fazil Qasımov (Mənbə: Facebook)

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 31 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclığı davam etdirir. O, yalnız su qəbul edir.

Bu barədə iyulun 15-də onunla görüşdən sonra vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Qasımov çoxsaylı xahişlər olmasına baxmayaraq aclığı sonadək davam etdirəcəyini bildirib.

“Fazil Qasımovun səhhətində kifayət qədər problemlər yaranıb. Onun kiloqramlarla çəki itirdiyi aydın görünür. Başı gicəllənir, gözləri qaralır, artıq müvazinətini saxlaya bilmir. Buna baxmayaraq bildirdi ki, ona həkim nəzarəti yoxdur. Çəkisi və təzyiqi ölçülmür”, vəkil qeyd edib.

Rəhimli bununla bağlı Penitensiar Xidmətin aidiyyatı şöbəsinə müraciət etdiyini bildirib.

“Həmin şöbədən dedilər ki, problem tezliklə həllini tapacaq”, o qeyd edib.

Vəkilin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinə Qasımovun münasibəti mənfi olub.

“O dedi ki, Müalicə Müəssisəsinə köçürülməsini istəmir. Belə ki, bir qədər əvvəl Müalicə Müəssisəsində müalicə alıb, bu, ona ağır psixoloji təsir edib. Orada onu kriminal şəxslərlə bir palatada saxlayıblar. Palatada onunla olanlardan biri narkoman, digəri isə Tərtərdə hərbçilərə işgəncə verən şəxslərdən biri olub. O dedi ki, orada ona çox gərgin psixoloji gərginlik və təzyiqlər yaşadıblar. Bu səbəbdən də Müalicə Müəssisəsinə köçürülməsini istəmir”, vəkil qeyd edib.

Rəhimlinin sözlərinə görə, iyulun 16-da istintaq təcrdixanasında Fazil Qasımovla bağlı istintaq hərəkətləri aparılacaq.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan iqtisadçı alim Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Forum

XS
SM
MD
LG