Milli fəal Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından göndərdiyi audio faylda təhlükəsizlik qüvvələrinin davranışına etiraz olaraq başladığı aclıq aksiyasının 44-cü günündə aclığı dayandıracağını açıqlayıb.
Araz News Telegram kanalı tərəfindən yayımlanan bu audio faylda Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədim şəxsi rəyindən daha çox kollektiv rəyi üstün tutduğunu və aclıq aksiyasını dayandırmağı xahiş edən fəalların müraciətinə əməl edəcəyini bildirib.
Əbdüləziz Əzimi Qədim dindirmə zamanı təhlükəsizlik qüvvələrinin davranışına etiraz olaraq aclıq aksiyasına başladığını qeyd edib. O, İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdikləri üçün apardığı fəaliyyətlərdən dolayı dindirmə zamanı sorğu-sual edildiyini bildirib.
Əzimi Qədim həm dindirmələrdə, həm də məhkəmədə hakimin ona qarşı irəli sürdüyü ittihamlardan birinin Qarabağ müharibəsində Azərbaycana dəstək verməsi olduğunu bildirərək, buna görə də aclıq aksiyasının 44-cü günündə aksiyasını dayandıracağını ifadə edib.
SEE ALSO: 56 milli fəal Əbdüləziz Əzimi Qədimdən aclığı dayandırmasını xahiş edib6 aya yaxındır Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəal Əbdüləziz Əzimi Qədim təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının Evin həbsxanasında saxlanılan fəallara qarşı qeyri-qanuni davranışlarına etiraz olaraq iyunun 13-dən aclıq aksiyasına başlayıb. Bu gün, iyulun 23-də o, aclıq aksiyasının 41-ci günündədir və onun sözlərinə görə, bu həftənin cümə günü aclıq aksiyasını dayandıracaq.
Fəalın yaxınlarına istinadən yayımlanan xəbərlərdə onun aclıq aksiyası nəticəsində təxminən 15 kilo arıqladığı qeyd edilmişdi. Onun həmçinin bir müddət əvvəl aclıq aksiyasının təsiri nəticəsində yaranan halsızlıqdan həbsxananın klinikasına yerləşdirildiyi bildirilmişdi.
İran Azərbaycanın Qaradağ bölgəsinin Vərziqan şəhərindən olan keçmiş din xadimi və Tehran sakini Əbdüləziz Əzimi Qədim bundan əvvəl də azərbaycanlıların hüquqları sahəsində dinc fəaliyyətinə görə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və məhkəmədə mühakimə olunub. O, bu il fevralın ilk həftəsində İranın müxtəlif vilayətlərində onlarla türk fəalla eyni zamanda həbs edilərək Evin həbsxanasına köçürülüb.