Dünən, iyulun 21-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Evin həbsxanasında saxlanılan milli fəal Mürtəza Pərvinin məhkəmə iclası keçirilib.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) yaydığı məlumata görə, Mürtəza Pərvin Tehran İnqilab Məhkəməsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilən iclasda müdafiəsini təqdim edib. Xəbərə görə, hakim Evin həbsxanasında saxlanılan digər fəallar kimi mühakimə olunan bu fəalın əvvəlki işlərinə və daha əvvəl çıxarılan hökmlərə baxıb.
Hakim Salavati Pərvinə dindirilmə mərhələsində ifadə verməkdən imtina etdiyini və bu səbəbdən işin yarımçıq qaldığını bildirib. O, iş tamamlanana qədər məhkəmə iclasının "yaxın günlərə və ya aylara" qədər təxirə salınacağını açıqlayıb.
Əvvəllər Evin həbsxanasının ümumi bölməsinə köçürüldükdən sonra Mürtəza Pərvin yaxınlarına zəng edərək qanunsuz həbsinə etiraz olaraq Kəşfiyyat Nazirliyinin müstəntiqlərinin suallarını cavablandırmaqdan imtina etdiyini bildirmişdi.
O, həmçinin həbsxananın ümumi bölməsinə köçürüldükdən sonra etiraz olaraq aclıq aksiyası keçirmişdi. Ailəsinin və milli fəalların xahişi ilə 15 gündən sonra nəhayət aclıq aksiyasına son qoymuşdu.
Mürtəza Pərvin bu il fevralın ilk həftəsində İranın müxtəlif şəhərlərində çoxlu sayda milli fəalla eyni zamanda Ərdəbildə həbs edilib və sonra Evin həbsxanasının 209 saylı təcridxanasına köçürülüb. O, digər türk fəalları ilə birlikdə 5 ay 17 gündür Evin həbsxanasında saxlanılır.