Evin həbsxanasında məhbus olan milli fəal Mürtəza Pərvin 15 gündən sonra aclıq aksiyasına son qoyub.
Abbas Lisani adlı Teleqram kanalının yaydığı məlumata görə, İran Azərbaycanında bir müddət əvvəl həbs edilmiş milli fəallardan biri və hazırda Evin həbsxanasının təcridxanasında saxlanılan Mürtəza Pərvin bir sıra milli fəalların tələbi ilə 15 gün aclıq aksiyasından sonra aksiyasını dayandırdığını bildirib.
Bu xəbərə görə, martın 9-da ailəsinə zəng edən Pərvin aclıq aksiyası keçirdiyi iki həftə ərzində vəziyyətinin iki dəfə pisləşdiyini və həbsxana klinikasına köçürüldüyünü deyib. Aclıq aksiyası zamanı o, uzun müddət başgicəllənmə və süstlükdən əziyyət çəkirdi. Telefon danışığında o, milli fəalların tələbi ilə aclıq aksiyasına son qoyduğunu elan edib.
Bundan əvvəl bir qrup milli fəal Abbas Lisani ilə birlikdə bu milli fəalın sənət emalatxanasında toplanaraq onun aclıq aksiyasının dayandırılmasını istəmişdi.
Mürtəza Pərvin fevralın 6-da səhər saat 6 radələrində Ərdəbildəki evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Tehrandakı Evin həbsxanasının təcridxanasına köçürülüb. Türk fəal təqribən iki həftə sonra ailəsi ilə telefon danışığında “qanunsuz” həbsinə etiraz olaraq fevralın 24-də aclıq aksiyasına başlayacağını bildirmişdi.
Ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. O, fevralın 5, 6 və 7-də İranın müxtəlif vilayətlərindən həbs edilən çox sayda milli fəallardan biridir.
Mürtəza Pərvin daha öncə də dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələrinin müxtəlif təzyiqlərinə məruz qalıb.
Forum