“Kanal 13” internet televiziyasının əməkdaşının apellyasiya şikayəti təmin edilməyib

Şamo Eminov (Mənbə: Sosial şəbəkə)

İyulun 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Əfqan Ələkbərovun sədliyi ilə “Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay, sentyabrın 27-dək uzadılması ilə bağlı Səbail Rayon Məhkəməsinin 25 iyun tarixli qərarından vetrilmiş şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun szölərinə görə, Şamo Eminov məhkəmədə iştirak edib və qərara etiraz edib.

“Şamo bildirdi ki, onun hər hansı günahı yoxdur və istintaqda ittiham sübut olunmayıb. O, jurnalist fəaliyyətinə görə həbs olunduğunu məhkəmə heyətinin diqqətinə çatdırdı”, vəkil qeyd edib.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Ondan öncə noyabrın 27-də “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Ötən il dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

Bu il iyulun 2-də Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayəti də təmin edilməyib.

İyunun 25-də Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbs qətimkan tədbirini daha 3 ay uzadıb.