Azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadə qandallanmış olaraq xəstəxanaya aparılıb

Siyasi məhbus Kərim İsmayılzadə

Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadə səhhətinin pisləşməsi ilə əlaqədar dünən iyunun 25-də Təbrizin İmam Rza xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçiləri bu azərbaycanlı siyasi məhbusun xəstəxanada ayaqları qandallanmış şəkillərini sosial şəbəkələrdə yayıblar. Şəkillərdə idmançı və milli fəal Kərim İsmayılzadənin kəskin arıqlaması əks olunub. Azərbaycanlı siyasi məhbusun bu vəziyyəti onun səhhəti ilə bağlı narahatlıq dalğasına səbəb olub.

Kərim İsmayılzadə İmam Rza xəstəxanasının təcili yardım şöbəsində qısa müddətə müayinə olunub və daha sonra Təbriz Mərkəzi Həbsxanasına qaytarılıb. Təbriz Mərkəzi Həbsxanasının rəhbərliyi onun düzgün müalicə olunmasına icazə verməməsi həmin həbsxanda məhbus olan digər siyasi məhbuslar Salar Tahir Əfşar və Milad Cəlilinin etirazına səbəb olub.

Həzm sistemi xəstəliyindən əziyyət çəkən bu milli fəalın vəziyyətinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, uzun müddətdir ki, müalicə olunmasına izin verilmir.

Həbsxana rəhbərliyi, dərmanlarının həbsxanada ona çatdırılmasına mane olub. Həmçinin həbsxana rəisi İbrahim Əkbəriyan bundan əvvəl onun həbsxanadan kənar xəstəxanada mütəxəssis həkim tərəfindən müayinə olub müalicə almasına mane olub.

SEE ALSO: Azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadənin həbsxanadan kənarda müalicəsinə icazə verilmir

Kərim İsmayılzadə Urmiyə gölünün durumu və Araz çayının çirklənməsi ilə bağlı apardığı maarifləndirmə fəaliyyətləri ilə tanınır və onun fəaliyyəti dinc xarakter daşıyıb və ətraf mühitlə bağlı məsələlərlə bağlı olub.

O, aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 6 aylıq həbs cəzasının tətbiq edilməsi üzrə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.