Accessibility links

Azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadənin həbsxanadan kənarda müalicəsinə icazə verilmir


Siyasi fəal Kərim İsmayılzadə
Siyasi fəal Kərim İsmayılzadə

Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Kərim İsmayılzadənin fiziki vəziyyəti və səhhəti pisləşib və həbsxana klinikasına köçürülüb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Kərim İsmayılzadə həbsxanada həzm sistemi xəstəlikləri səbəbindən vəziyyətinin pisləşməsindən sonra dünən, iyunun 22-də həbsxananın klinikasına köçürülüb.

Həbsxananın həkimi bu azərbaycanlı siyasi məhbusun vəziyyətinin pisləşməsi və diaqnozdan sonra onu Təbrizdəki İmam Rza xəstəxanasına köçürmək qərarına gəlib.

Təbriz Mərkəzi Həbsxanasının tibb işçiləri və həkimləri bu məhbusu zindandan kənar xəstəxanaya köçürmək üçün hazırlayarkən, həbsxana rəisi İbrahim Əkbəriyan bu siyasi məhbusun həbsxanadan çıxarılmasına mane olub.

Keçmişdə aclıq aksiyası keçirdiyi üçün mədə xəstəliyindən əziyyət çəkən Kərim İsmayılzadənin tibbi yardıma ehtiyacı var. Bundan əvvəl bu azərbaycanlı siyasi məhbusa həbsxana rəhbərliyi tərəfindən dərmanlarının verilməsinin qarşısının alındığı barədə xəbər dərc olunmuşdu.

Həbsxana rəisi İbrahim Əkbəriyanın bu tanınmış siyasi məhbusun həbsxanadan çıxmasına təhlükəsizlik baxımından və prezident seçkiləri günlərinə təsadüf etdiyinə görə mane olduğu ehtimal edilir.

Həbsxana rəisi və digər məsul şəxslərinin azərbaycanlı siyasi məhbusla münasibətdə davranışları onun ailəsi, milli fəallar və həbsxanadakı məhbus yoldaşlarının narahatlığına səbəb olub.

İdmançı və siyasi fəal Kərim İsmayılzadə aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 6 aylıq həbs cəzasının tətbiq edilməsi üzrə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. İsmayılzadə keçən il Təbriz Ümumi və İnqilab Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Forum

XS
SM
MD
LG