Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi güneyli fəal Kərim İsmayılzadəyə 6 ay həbs cəzası verib.
Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Sosial media kanallarında paylaşılan məhkəmə hökmünün surətində qeyd olunduğuna görə, o, "kiber məkanda insanları zorakılıq hərəkətlərinə təhrik etmək və dəvət etmək" ittihamından təqsirkar tanınaraq, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə vərəqəsində qeyd olunub ki, Kərim İsmayılzadə onun barəsində irəli sürülən "ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamından bəraət qazanıb.
Avqustun 16-da Təbrizdə "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçında Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Onlar stadiona daxil olanda həbs edilərək, Təbrizin Ümumi və İnqilab Məhkəməsinə aparılıb və məhkəmədə ittihamları barədə məlumat veriləndən sonra, fəallar Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü. Həmin fəallar 3 gün sonra girov müqabilində müvəqqəti olaraq həbsxanadan azadlığa buraxılmışdılar.
Məhkəmə hökmünə əsasən, stadiona daxil olanda Kərim İsmayılzadə ilə birgə saxlanılan milli fəallar Abdullah Ənsari və İbrahim Rzayi haqqında “yetərli dəlil olmadığı üçün” onlar bəraət alıblar.
Forum