Avropa İttifaqı Azərbaycana partlayıcı sursatların yaratdığı problemin öhdəsindən gəlməyə kömək üçün 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayıracaq.
Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi məlumat yayıb.
Məlumatda deyilir ki, iyunun 25-də Bakıda Avropa İttifaqına (Aİ) Üzv Dövlətlərinin minatəmizləmə üzrə ekspertlərinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssislərinin bir araya gətirən ilk tədbiri keçirilib.
“Bu təşəbbüs Avropa İttifaqının ölkədə humanitar minatəmizləmə istiqamətində aparılan işlərə dəstək vermək məqsədi daşıyan daha geniş əhatəli fəaliyyətinin tərkib hissəsidir. Aİ və onun üzv dövlətləri bu günədək Azərbaycanda minatəmizləmə işlərinə dəstək verən ən böyük beynəlxalq donordur. May ayının əvvəlində “Team Europe” təşəbbüsünə start verilməsi bunun bariz nümunəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 4-də Prezident Əliyevlə telefon danışığından sonra Aİ hazırda Azərbaycana partlayıcı sursatların yaratdığı böyük problemin öhdəsindən gəlməyə kömək etmək üçün əhəmiyyətli həcmdə əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır. Proqramın davam edəcəyi 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayrılması nəzərdə tutulur”, məlumada qeyd edilir.
Avropa İttifaqı bildirir ki, Azərbaycan BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Mükəmməllik Mərkəzi yaratmaq əzmindədir.
“Bu məqsədlə Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) Aləti çərçivəsində ANAMA ilə birgə təşkil olunan ilk seminar Aİ Üzv Dövlətləri və tərəfdaşlarının ekspertləri ilə qabaqcıl təcrübə, öyrənilmiş dərslər və innovativ həllərin mübadiləsini təmin edən bir platformadır. Sloveniya və Bosniya və Herseqovinadan dəvət olunmuş ekspertlər strateji planlaşdırma, minatəmizləmə fəaliyyətində gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşəcəklər”, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi bildirir.
Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanın azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 363 nəfər xəsarət alıb, onların 69-u ölüb.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.