Evin həbsxanasında üç azərbaycanlı fəal bu gündən aclıq aksiyasına başladıqlarını yaxınlarına bildiriblər.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Evin həbsxanasında məhbus olan fəallardan üçü Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri bu gün, iyunun 13-dən aclıq aksiyasına başladıqlarını elan ediblər.
Fəallar “Kəşfiyyat Nazirliyi və Prokurorluğun qanunsuz davranışına” etiraz olaraq, müddətsiz aclıq aksiyasına başladığını açıqlayıb.
Türk fəallar bildiriblər ki, qeyri-qanuni davranışlar davam edərsə, digər fəallar da aclığa başlayan üç siyasi məhbusa qoşulacaq.
Evin həbsxanasında nəzarət altında saxlanılan milli fəallar 4 aydan artıqdır ki, həbsdədirlər və onların girov müqabilində müvəqqəti azadlığa buraxılmasına icazə verilmir. Bundan əvvəl həmin fəallar qeyri-müəyyən müddətə saxlanılma vəziyyətlərində bir dəyişiklik olmadığı təqdirdə kütləvi şəkildə aclıq aksiyasına başlaya biləcəyini açıqlamışdı.
SEE ALSO: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar kütləvi aclıq aksiyası keçirə bilərEvin həbsxanasında məhbus olan bu fəallar məhkəmə prosesində və qüyri-müəyyən vəziyyətdə saxlanılmalarında dəyişiklik olmadığı təqdirdə, aclıq aksiyasını quru aclıq aksiyasına çevirəcəklərini də açıqlayıblar.
Bu il fevralın ilk həftəsində İranın müxtəlif şəhərlərində onlarla türk fəal həbs edilib. Bəzi mənbələr həbslərin sayının 30-a yaxın olduğunu bildirir.
Əlburz, Gilan, Şərqi Azərbaycan, Ərdəbil, Tehran və Qum vilayətlərində həbs olunan milli fəallar Evin həbsxanasına köçürülüb. Bu fəallar Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələrinin dindirmə palatası kimi tanınan bu həbsxananın 209-cu bölməsində təkadamlıq kameralarda saxlanılaraq, bir neçə həftə müddətinə dindirildikdən sonra tədricən həbsxananın ümumi bölməsinə köçürüldülər.
Dindirmə zamanı fəallarla pis rəftar və ağır işgəncələrə məruz qalması ilə bağlı təhlükəsizlik qüvvələrinin təcridxanasının içindən yayılan xəbərlər onların səhhəti ilə bağlı narahatlıqları artırmışdı.
Səid Minayi, Vədud Əsədi, Salar Tahir Əfşar, Aydın Məhəmmədi və Abdullah Vahidi və digər fəallar tədircən fevralın son günlərindən etibarən müvəqqəti olaraq, zaminə buraxıldılar. Bununla belə, azı 9 azərbaycanlı fəal həbsdə saxlanılır və onların həbs müddəti hər ay uzadılır.
Hazırda Bağır Hacızadə, Araz Əman, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Hüseyn Piri, Mürtəza Pərvin və Ayaz Seyfxahın qeyri-müəyyən müddətə fevral ayından etibarən Evin həbsxanasında saxlanılır.