Milli fəal Murtuz Nurməhəmmədi polis tərəfindən sorğu-suala çəkilib

Murtuz Nurməhəmmədi

Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərindən olan azərbaycanlı milli fəal Murtuz Nurməhəmmədi bu şəhərin İctimai Təhlükəsizlik Polisi tərəfindən çağırılaraq bir neçə saat sorğu-suala çəkilib.

Bu barədə Abbas Lisani adlı Telegram kanalı və HRA xəbər agentliyi məlumat yayıb.

Bu xəbərə görə, Nurməhəmmədi Nadarlı dünən, çərşənbə axşamı, mayın 28-də Şəbistər şəhərinin İctimai Təhlükəsizlik Polisinin Təcridxanasında bir neçə saat dindirilib. Bu azərbaycanlı fəalın polisə çağırılmasının səbəbləri və dindirilmənin məzmunu barədə məlumat yoxdur.

Murtuz Nurməhəmmədi Nadarlı ötən il noyabrın 28-də müvəqqəti olaraq azadlığa buraxılıb və hazırda zamindədir.

O, keçən il sentyabrın 9-da Sufiyan şəhərinin Qeydiyyat İdarəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, 3 aya yaxın Təbriz Kəşfiyyat İdarəsi və Təbriz Mərkəzi Həbsxnasında nəzarət altında saxlanılmışdı.