Həbsdə olan AXCP fəalının etiraz olaraq televiziya pultunun batareyasını udduğu bildirilir

Elxan Əliyev and Əli Kərimli

Mayın 27-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyevin onun həbsilə bağlı birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib. Məhkəmə fəalı həbsdə saxlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, proses zamanı Əliyev obyektiv qərar gözləmədiyini və etiraz olaraq televiziya pultunun batareyasını udduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

“O, məhkəmədə dedi ki, bir müddət əvvəl quru aclıq edib, onu inandırıblar ki, tezliklə ya əfv ilə, ya da apellyasiya məhkəməsinin qərarı ilə azadlığa çıxacaq. 25 may tarixli əfv sərəncamı siyasi məhbuslara şamil olunmadığına görə o əmin olub ki, apellyasiya məhkəməsi şikayətini təmin etməyəcək”, vəkil qeyd edib.

Elxan Əliyev hökmü qanunsuz və sərt hesab etdiyini, cinayət törətmədiyi halda zərərçəkmişə dəymiş ziyanı ödədiyini bildirib.

“Əliyev məhkəmədə dedi ki, etiraz əlaməti olaraq televiziya pultunun batareyasını udub və öz həyatına son qoymaq istəyir. Dedi ki, ona qarşı təzyiqlər var, həmçinin xahiş edirlər ki, cərrahi əməliyyat yolu ilə batareyanın çıxarılmasına icazə versin. O bundan imtina edir, hətta analizilər vermir”, Nemət Kərimli Elxan Əliyevə istinadən qeyd edib.

Vəkil bildirib ki, məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Penitensiar Xidmət Elxan Əliyevlə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Elxan Əliyev 2023-cü ilin iyulunda "dələduzluq" və "saxta sənəd hazırlamaq və istifadə etmək" ittihamı ilə həbs edilib. Fəal ittihamları uydurma adlandırıb.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 13-də apellyasiya şikayətinə baxılarkən Elxan Əliyev quru aclığa başladığını bildirib. Əliyev mayın 15-dən 20-dək 6 gün quru aclıq keçirib. Ona əfvə düşəcəyi və ya apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılacağı vədi verildikdən sonra müvəqqəti olaraq aclığı dayandırıb.