Keçən bazar ertəsi prezident İbrahim Rəisi və digər rəsmilərin İran Azərbaycanının Qaradağ bölgəsində helikopterin qəzaya uğradığı yerdə ölü tapıldığı açıqlandıqdan bəri, mövzu ilə bağlı sosial mediada paylaşım edən onlarla vətəndaş həbs edilib.
Şənbə günü bir sosial media adminin də Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilib.
Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə əsasən, şəhərin ümumi və inqilab məhkəməsi mayın 25-də bildirib ki, “təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxsə qarşı ittiham oxunub və o həbxsanaya göndərilib.”
Meşginşəhr prokuroru Babək Nonəhalın sözlərinə görə, sosial media fəalı “təhlükəsizlik qüvvələrinin hesabatlarına əsasən kriminal məzmunlar yaradıb, paylaşaraq nizamın əsasları və siyasi şəxsiyyəylərini təhqir edib və ictimai rəyi təşvişə salıb.”
Son bir neçə gün ərzində İranın rəsmi və yarı-rəsmi xəbər agentliklərində yayılan məlumatlara əsasən, İranın müxtəlif vilayətlərində saxlanılan onlarla vətəndaşa qarşı helikopter qəzası ilə əlaqədar “şayiə və təhqiramiz yazılar paylaşmaq” və “qəzada şəhid olanları aşağılamaq” kimi ittihamlarla iş qaldırılıb.
SEE ALSO: Rza Talibi: Xameneyi helikopter qəzasından siyasi baxımdan yararlanmağa çalışacaqHelikopter qəzası ilə əlaqədar həbs edilən, təhlükəsizlik şöbələrinə çağırılan və digər təzyiqlərə məruz qalan vətəndaşların sayı ilə bağlı dəqiq məlumat yoxdur.
Rəsmilərin ölü tapılmasının açıqlanmasından cəmi bir gün sonra İranın kiber polisi 80 internet saytına qarşı iş açdığını bildirmişdi.