Milli fəal Səid Minayi Tehran İnqilab məhkəməsinə çağırılıb

Siyasi fəal Səid Minayi

Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən olan milli fəal Səid Minayi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb.

Səid Minayi Tehran Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən çağırış vərəqəsini öz Telegram kanalında paylaşıb.

Bu məhkəmə müxalif siyasi fəala qarşı ağır hökmlər çıxarmaqla tanınan Əbülqasim Salvatinin sədrliyi ilə keçirlir.

Bundan əvvəl, o, Tehran Ümumi və İnqilab məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5 saylı şöbəsinə çağırılmışdı. Minayi həmin məhkəmədə özünü "İranın daxili və xarici təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamından müdafiə etmişdi.

O, Telegram kanalında bildirib ki, "ədalətli mühakimə hər bir insanın əsas hüququdur, vicdan və siyasi müttəhimlər və millətin hüquqlarını tələb edənlər üçün bu haq tanınmır."

Səid Minayi həmçinin "Azərbaycanın ətraf mühitinin o cümlədən Urmiyə gölünün qorunması, etniklərin ana dilinin təhsili və iqtisadi ayrı-seçkiliyə və assimilyasiya siyasətlərinə son qoyulması və İranın mədəni müxtəlifliyinin və çoxdilliliyinin tanınması" kimi məslələr onun "qanunauyğun" tələbləri arasında olduğunu qeyd edib.

Tənqidi şərhçi və siyasi fəal Səid Minayi, fevralın ilk həftəsində nəzarət altına alınan 30-a yaxın siyasi fəalın arasında olub və təxminən qırx günə yaxın Evin həbsxanasının təcridxanasında sorğu-suala çəkildikdən sonra girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.