Keçən bir həftə ərzində İran Azərbaycanı, eləcə də Gilan vilayətində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan fəalların Tehranın Evin həbsxanasına köçürüldüyü bildirilir.
Araz News saytı və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə istinadən, keçən həftə tutulan fəallardan Murtəza Pərvin, Səid Minayi və Salar Tahir Afşar ailələrinə telefon edərək Evin həbsxanasına göndərildiklərini deyiblər.
Murtəza Pərvin, Səid Minayi və Salar Tahir Afşar fevral ayının 6-da müvafiq olaraq Ərdəbil, Rəşt və Urmiyə şəhərlərində nəzarət altına alınıblar.
Keçən təqribən bir həftə ərzində Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Tehran və Əlburz vilayətlərində Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Murtəza Pərvin, Vədud Əsədi, Səid Minayi, Abdullah Vahidi, Kəmal Nuri və Tahir Nəqəvi kimi türk fəallar təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.
Məmurlar saxlanılan fəalların evlərində axtarış aparıb və mobil telefon, kompüter və kitablar kimi şəxsi əşyalarını müsadirə ediblər.
Araz News saytı həmçinin milli fəal Əbdüləziz Əzimi Qədimin də bir neçə gün əvvəl nəzarət altına alınaraq Evin həbsxanasına köçürüldüyünə dair məlumat yayıb.
Fəalların hansı səbəb və ittihamlara görə həbs olunduğu bəlli deyil.
Forum