Accessibility links

İranda vəkil və mədəni fəal Tahir Nəqəvi həbs edilib


Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)
Tahir Nəqəvi, vəkil (şəkil Araz News saytından götürülüb.)

Əlburz vilayətinin Kərəc şəhərində vəkil və türk dil haqları müdafiəçisi Tahir Nəqəvinin İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News saytı kimi mənbələr bu barədə məlumat yayıblar.

Vəkilin fevral ayının 6-da nəzarət altına alındığı bildirilib. Onun hansı ittihamlara görə həbs edildiyi bəlli deyil.

Sosial şəbəkələrdə Tahir Nəqəvinin saxlanılmasının şənbə günündən bəri İran Azərbaycanı və türklərin yaşadığı digər vilayətlərdə başladılan həbslər ilə əlaqədar olduğuna dair məlumat yayılıb.

Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.

Araz News saytının yaydığı xəbərə görə, “təhlükəsizlik qüvvələri həmçinin Kərəc sakini olan digər milli fəal Kəramət Ruhnəvazı həbs etmək üçün onun evinə gediblər. Ancaq açıq ürək əməliyyatı keçirdiyi üçün fəalı həbs etməyib və onun mobil telefonunu müsadirə ediblər.”

Şənbə günündən bəri Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Gilan və Əburz vilayətlərində 10-dan artıq türk fəal həbs edilib.

Forum

XS
SM
MD
LG