Fevral ayının 6-da Rəşt şəhərində nəzarət altına alınan yazar və siyasi fəal Səid Minayinin Evin həbsxanasının ümumi bölməsinə köçürüldüyü bildirilib.
Yazar, siyasi fəal və tənqidi şərhçi kimi tanınan Səid Minayi təqribən bir ay əvvəl İran Azərbaycanı və bəzi digər vilayətlərdə nəzarət altına alınıb və Tehranın Evin həbsxanasına göndərilən türk fəallardan biridir.
Araz News və İran Wire xəbər saytlarının bildirdiyinə görə, Minayi ümumi bölməyə göndərilmədən əvvəl Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki bölmədə sorğu-sual edilib.
Əslən Şərqi Azərbaycan vilayətindən olan Minayi keçmişdə də sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, fevral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Səid Minayi, Murtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Vədud Əsədi, bdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.
Saxlanılan fəalların çoxu daha sonra ailələrinə zəng edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Fəalların bir neçəsi keçən günlərdə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.
Forum