Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son irəliləyişləri alqışlayıb.
“Aİ 1991-ci il Almatı razılaşmasına əsaslanan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, daha dəqiq, 15 mayda sərhəd komissiyalarının 9-cu görüşü zamanı sərhədin bir neçə hissəsində razılaşmanı əks etdirən protokolun imzalanmasını alqışlayır”, İttifaqın xarici işlər sözçüsü Peter Stano deyib.
Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa təşviq etdiyini və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə sadiq olduğunu vurğulayıb.
Mayın 15-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə sərhəd komissiyalarının görüşü baş tutub.
Rəsmi məlumata görə, komissiyalar 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Digər sözlə, tərəflər aprelin 19-da əldə edilən ilkin razılaşma üzrə Azərbaycanın Qazax, Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin, xüsusən də Azərbaycanın nəzarətinə qaytarılan 4 kənd ətrafında sərhədlərin delimitasiyası üzrə işləri başa çatdırıblar.
Xeyrımlı və Kirants yaşayış məntəqələri arasındakı hissə xaric, delimitasiya edilən sərhəddə demarkasiya işləri aparılıb və müvafiq sərhəd dirəkləri quraşdırılıb.
Ermənistan Baş nazirinin ofisi Armenpress agentliyinə bildirib ki, yaxın günlərdə demarkasiya edilən sərhədə hər iki ölkənin sərhədçiləri yerləşdiriləcək.
Ermənistan müxalifətinin etirazlarına və nümayişlərə baxmayaraq, mayın 16-da keçirdiyi hökumət iclasında Ermənistanın baş naziri Nikol Paşinyan imzalanmış protokolu “böyük uğur” hesab etdiyini deyib.
“Birincisi, suverenliyimizin və müstəqilliyimizin daha da inkişafı və möhkəmlənməsi üçün çox mühüm təməl daşı qoyuldu. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, respublikamız rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə qeyd olunan kəndlərin ərazisində deyil, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, Paşinyan vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov isə qeyd edib ki, son 34 ildə ilk dəfə Azərbaycan və Ermənistan sərhədçiləri tezliklə demarkasiya olunmuş sərhədləri döyüşmədən qoruyacaqlar. “Bu, Qafqaz üçün yeni səhifə açmaq deməkdir”, deputat əlavə edib.
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.
Razılaşma 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Bakının suverenliyinə qaytarılması və sərhədlərin delimitasiya prosesinin 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdirilməsini nəzərdə tuturdu.