Mayın 15-də Xocalı aeroportu ərazisində Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Aleksandr Lapin iştirak edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Baş Qərargah rəisi Kərim Vəliyev Azərbaycan və Rusiya dövlət başçıları arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən çıxarılan sülhməramlı kontingentin bütün heyətinə sülhün və sabitliyin rifahı naminə xidmətlərinə görə minnətdarlığını bildirib.
Daha sonra general-polkovnik Aleksandr Lapin çıxış edərək Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə minnətdarlığını bildirib.
Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
44 gün davam edən İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, iki minə yaxın Rusiya sülhməramlısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Onların vəzifəsi tərəfləri ayırmaq, yolları qorumaq, Qarabağ erməniləri və Ermənistan arasında kommunikasiyanı təmin etmək idi.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi hərbi əməliyyatından sonra Azərbaycan əraziyə nəzarəti bərpa edib. Növbəti günlər ərzində 100 mindən çox erməni əhali Ermənistana köçüb.
2024-cü ilin aprelində Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan çıxarılması məsələsini razılaşdırıb. İndiyə qədər sülhməramlıların hərbi texnikasının və şəxsi heyətinin böyük hissəsi ərazidən çıxarılıb və sülhməramlıların ərazidə nəzarət etdiyi 30 buraxılış məntəqəsinin hamısı ləğv edilib.
Sülhməramlıların əsas bazası Xocalı aeroportunun ərazisində yerləşir. Bu, zabit və sıravi heyətin yaşaması və işləməsi üçün 12-yə yaxın mobil binadan, texniki və rabitə xidməti üçün obyektlərdən ibarədir.
Sülhməramlılar Azərbaycanın Goranboy rayonunda yerləşən Goran dəmir yolu stansiyasına qədər öz yük maşınlarında gedirlər. Sonra texnikanı dəmir yolu eşelonlarına yükləyirlər və Rusiyaya yola salırlar.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov bu gün bildirib ki, Müdafiə Nazirliyi sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərir.
“Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq”, Anar Eyvazov bildirib.