Mayın 13-də Bakının Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
Azərbaycan Millin Elmlər Akadmeiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir ki, püskürmə 9 dəqiqə davam edib. Vulkan püskürməsindən əvvəl alov sütunu müşahidə olunub.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatına görə, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş verib.
Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Regionda palçıq vulkanlarının sayı 400-ə yaxın hesablanır və bu təxminən planetdəki vulkanların yarısını təşkil edir.