Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü başa çatıb

Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən görüşü başa çatıb.

Azərbaycan tərəfinin məlumatına görə, ikitərəfli görüşdə nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.

“Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar”, rəsmi məlumatda qeyd edilir.

Səfər çərçivəsində nazirlər həmçinin Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər. Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Ermənistanın Xarici İşlər Nazirliyi də görüşlə bağlı oxşar tərkibli məlumat yayaraq nazirlərin delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqılaşdıqlarını qeyd edib.

“Nazirlər və onların nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli Saziş layihəsinin müddəaları ətrafında müzakirələri davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər”, Ermənistan tərəfinin məlumatında qeyd edilir.

SEE ALSO: Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Kazinform agentliyinin məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı növbəti görüş sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir.

O, iki ölkənin nümayəndə heyətlərinin sonuncu dəfə iki aydan bir qədər əvvəl Berlində görüşdüyünü yada salıb.

“Son görüşdən sonra tərəflər sülh sazişi layihəsinə dair şərhlər mübadiləsi aparıb, əlavə olaraq, danışıqlar prosesinin müəyyən aspektləri üzrə tərəflərin mövqelərini əks etdirən müəyyən sənədlərin mübadiləsi aparılıb”.

Bayramov Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesinin başlanmasını mühüm mərhələ kimi qiymətləndirib.

“Həm də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissəsinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokol imzalanıb. Bu protokol 2024-cü il aprelin 19-da müvafiq delimitasiya komissiyalarının sədrləri tərəfindən imzalanıb”, o qeyd edib.

Nazir sevindirici hal kimi qeyd edib ki, bu protokolun müddəalarına uyğun olaraq, ekspert qrupları müəyyən edilmiş müddət və çərçivələrdə öz işlərini həyata keçirirlər. Qısa müddət ərzində böyük həcmdə işlər tamamlanıb.

“Birgə səylər nəticəsində dövlət sərhədinin müvafiq hissələrində minalardan təmizləmə işləri aparılıb. Coğrafi koordinatlar dəqiqləşdirilib, bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb. Protokolda öz əksini tapmış müsbət tendensiya yaxın gələcəkdə də davam etdiriləcək”, Bayramov deyib.

Nazir bəyan edib ki, Azərbaycan delimitasiya prosesinə böyük əhəmiyyət verir və işi davam etdirməyə hazırdır.

“Almatıda danışıqların çox faydalı olacağına inanıram və ümid edirəm ki, hələ də mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün qarşıdakı iki gün ərzində müsbət işləyə biləcəyik”, o qeyd edib.

SEE ALSO: Almatı görüşündən gözləntilər - səfir Riçard Kazlariç şərh edir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə nazirlərinin görüşünün 1991-ci ildə məşhur Almatı Bəyannaməsinin imzalandığı Dostluq Evinin binasında keçirilməsinin rəmzi məna daşıdığını deyib.

“Son iki ildə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ilk dəfə olaraq Praqada, sonra isə digər çoxtərəfli formatlarda Almatı bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Biz Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını bir daha təsdiq etdik. Onlar da təsdiq ediblər ki, iki dövlət arasında delimitasiya prosesi bu siyasi sənəd əsasında aparılmalıdır”.

O qeyd edib ki, Ermənistan sülhə, sülh müqaviləsinin bağlanmasına yönəlib.

“Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik”.

Nazir hesab edir ki, iki ölkə sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir, daha da irəli gedə bilər.

“Biz bütün nəqliyyat infrastrukturunun ərazisindən keçdiyi ölkələrin suverenliyi altında qalacağını başa düşməklə, regionda bütün nəqliyyat kommunikasiyalarını birgə blokdan çıxara bilərik. Bizim razılaşdığımız dövlət sərhədini keçməklə bağlı inzibati, gömrük prosedurları qarşılıqlı olacaq və qarşılıqlı əsaslar və prinsiplər əsasında nizamlanacaq”, Ararat Mirzoyan əlavə edib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bundan əvvəl fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində görüşmüşdülər.