Sürgündə Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) Azərbaycan hakimiyyətini bütün vətəndaş cəmiyyəti fəallarını, o cümlədən bu yaxınlarda həbs edilmiş ictimai fəal Famil Xəlilovu dərhal azad etməyə çağırıb.
İnsan Hüquqları İnstitutu (İHİ) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təmsil etdiyi AZEX mayın 10-da yaydığı bəyanatda Famil Xəlilovun həbsini COP-29 İqlim Konfransı ərəfəsində hakimiyyətin vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı apardığı genişmiqyaslı repressiv kampaniyanın tərkib hissəsi kimi ədalətsiz və siyasi motivli təqibin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Bəyanatda bu il mayın 2-də hər iki qolunun iflic olması səbəbindən daim üçüncü şəxslərin köməyinə ehtiyacı olan Xəlilova qarşı polis əməliyyatı təşkil edildiyi, nəticədə 50-yə yaxın polis əməkdaşı ictimai fəalın həyat yoldaşı və üç azyaşlı uşağı ilə yaşadığı evə basqın etdiyi bildirilir.
AZEX məlumat verir ki, axtarış zamanı polislər mətbəx şkafına içərisində ağ rəngli toz halında olan kiçik çanta qoyub, bundan sonra Xəlilovu, həyat yoldaşı və uşaqlarını saxlayaraq polis bölməsinə aparıblar. Polis daha sonra Xəlilova məxsus smartfon və noutbukun kilidini açmaq üçün onun ailə üzvlərinə, o cümlədən iki azyaşlı qızına təzyiq göstərib.
Həyat yoldaşı və uşaqları azadlığa buraxıldıqdan sonra Xəlilovun özü narkotik vasitələrin saxlanması və satılmasında şübhəli şəxs qismində saxlanılıb. İki gün sonra məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
“Saxlanıldığı ilk 3 gün ərzində hüquq müdafiəçisinin vəkili onunla görüşə buraxılmayıb, ona lazım olan dərman və pəhriz qidası verilməyib. Daim başqalarının köməyinə ehtiyacı olan hüquq müdafiəçisi ağır xəstələrin saxlanması üçün qətiyyən yararsız olan istintaq təcridxanasına yerləşdirilib”, RATİ sədri Emin Hüseynov deyib.
Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi Famil Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş şikayəti təmin etməyib.
Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə məlumatında bildirib ki, Xəlilovun özünü də məhkəməyə gətiriblər. Hər iki qolu iflic olan ictimai fəal cibindən narkotik tapılması barədə ittihamı rədd edib. Xəlilov məhkəmədə qeyd edib ki, o, hakimiyyəti tənqid etdiyi üçün şərlənərək həbs olunub.
“Famili məhkəməyə Penitensiar Xidmətin əməkdaşları gətirmişdilər, onlar həkim deyillər və onunla necə davranacaqlarını bilmirlər. Məhkəmədə onun halı pisləşdi, ümumiyyətlə, səhhəti olduqca pisdir. O, müstəqil şəkildə hərəkət edə bilmir, ehtiyaclarını təmin edə bilmir. Biz onun həbs qətimkan tədbirindən şikayət verdik, lakin məhkəmə şikayətimizi və vəsatətlərimizi qəbul etmədi”, vəkil bildirib.
SEE ALSO: Əlilliyi olan Famil Xəlilov ev dustaqlığına buraxılmayıbAZEX hesab edir ki, hakimiyyətin Xəlilova qəzəbi onun sosial şəbəkələrdə, xüsusən də Xəlilovun videolarının minlərlə baxış topladığı TikTok platformasındakı fəaliyyəti ilə bağlıdır. O, postlarında əlillərin, uşaqların, qocaların və qadınların sosial-iqtisadi və siyasi hüquqlarının pozulması ilə bağlı problemləri, Azərbaycanda səhiyyə və sosial təminat sistemlərindəki çatışmazlıqlar, ətraf mühitin çirklənməsi ilə bağlı məsələləri işıqlandırıb. Bu səbəbdən Xəlilovun smartfonuna giriş əldə edən polis TikTok-dakı bütün yazıları və materialları silib.
Bildirilir ki, Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olub, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və ötən il Azərbaycana readmissiya olunub.
AZEX İsveç hakimiyyətini Famil Xəlilovun azad edilməsinə kömək etmək və onun ailə üzvlərinə yardım göstərmək üçün Azərbaycan hakimiyyəti ilə təcili məsləhətləşmələrə başlamağa çağırıb.
Azərbaycan hakimiyyətindən Famil Xəlilovu dərhal azad etməyi və onun siyasi motivli təqibinə son qoymağı tələb edən AZEX, hakimiyyəti son aylarda kütləvi repressiyaya məruz qalan bütün vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini, o cümlədən bir müddət əvvəl həbs edilmiş tanınmış hüquq müdafiəçisi Anar Məmmədlini həbsdən azad etməyə çağırıb.
SEE ALSO: Beynəlxalq ictimaiyyət Anar Məmmədlinin saxlanılması ilə bağlı narahatlıq ifadə edirAZEX hesab edir ki, Anar Məmmədlinin siyasi motivli həbsi onun keçmiş növbədənkənar prezident seçkilərində və hakimiyyətin BMT-nin iqlim dəyişikliyi konfransı COP-29-dan əvvəl keçirməyə qərar verdiyi, yaxın iki ayda gözlənilən növbədənkənar parlament seçkilərində saxtakarlıqların aşkarlanmasına dair fəaliyyəti ilə bağlıdır.
“BMT-yə üzv ölkələri gözlənilən COP-29 İqlim Konfransı ərəfəsində Azərbaycandan toplaşmaq, birləşmək və ifadə azadlığını tam təmin etməyi və həm yerli və beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələri, həm də yerli və beynəlxalq media nümayəndələri üçün təhlükəsiz şərait və imkanlar təmin etməyi tələb etməyə çağırıq”, Emin Hüseynov əlavə edib.
AZEX həmçinin Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın və siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq üçün son illərdə qəbul edilmiş repressiv qanunları dərhal ləğv etməyə çağırıb.