“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlər güclənir. 30 təşkilatla birlikdə Anar Məmmədlini dərhal azad etməyə çağırırıq".
Bu barədə Hüquq Müdafiəçilərinin Qorunması üzrə Beynəlxalq Observatoriyanın "X" platformasındakı paylaşımında deyilir
Təşkilat həmçinin Azərbaycan hakimiyyətini ölkədə hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırır.
Mayın 3-də də Hüquq Müdafiəçilərinin Qorunması üzrə Beynəlxalq Observatoriyanın tərkibindəki İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT), Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH), Norveç İnsan Hüquqları Evi və digər hüquq müdafiə təşkilatları anoloji çağırışlar edib.
Təşkilat Azərbaycan hakimiyyətindən Anar Məmmədlinin üzərindən bütün ittihamları götürməyi, beynəlxalq öhdəliklərə hörmət etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarını yerinə yetirməyi, ölkədə müstəqil səslərin təqibinə son qoymağı və bütün siyasi məhbusları azad etməyi, müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi tələb edir.
Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
Anar Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırılan cinayət işi üzrə saxlanılıb. Onun evində və paralel olaraq atasının evində axtarış aparılıb.
Hazırda Anar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb.
Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.
Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız yerə həbs edilən şəxslərin dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Anar Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.
Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.
Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.