Accessibility links

Vəkil: Anar Məmmədli məhkəmədə dedi ki, həbsi fəaliyyətilə bağlıdır


Vəkil: Anar Məmmədli məhkəmədə dedi ki, həbsi fəaliyyətilə bağlıdır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Vəkil: Anar Məmmədli məhkəmədə dedi ki, həbsi fəaliyyətilə bağlıdır

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin Bakının Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə Məmmədlini həbsdə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.

Onun sözlərinə görə, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Məhkəmə ilə bağlı onu deyək ki, hələ Xətayi Rayon Məhkəməsində xeyli qanun pozuntularına yol verilmişdir. Misal üçün, məhkəmə iclasının audio yazısını həyata keçirməmişdilər. Baxmayaraq ki, buna imkanlar var idi. Mənim orada qeyd etdiyim vəsatətləri qeyd etməmişdilər. Protokol ilə tanış olma haqqında ərizəmi təmin etməmişdilər. Bu barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə və Xətai Rayon Məhkəməsinin sədrinə şikayət yazmışam. Mən bu gün bunları məhkəmədə səsləndirdim”, vəkil bildirib.

Onun sözlərinə görə, bugünki məhkəmə iclasında bir daha Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin heç bir əsası olmadığını qeyd edib.

“Biz həbs üçün heç bir əsas görümürük. Anar Məmmədli qaçıb gizlənməyib”, o əlavə edib.

Vəkil qeyd edib ki, məhkəmənin diqqətinə çatdırılıb ki, Anar Məmmədlinin həbsə alınması, Avropa İnsan Haqları Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) və 18-c i (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrin pozulması deməkdir.

Elmar Süleymanov bugünkü məhkəmə iclasında Anar Məmmədlinin də iştirak etdiyini deyib.

“O, məhkəməyə öz etirazını bildirdi. Qeyd elədi ki, onun həbsi fəaliyyəti ilə bağlıdır”, vəkil əlavə edib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Anar Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırılan cinayət işi üzrə saxlanılıb. Onun evində və paralel olaraq atasının evində axtarış aparılıb.

Hazırda Anar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb.

Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız yerə həbs edilən şəxslərin dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG