Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov 7 sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Həsənovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, Həsənovun həyatına olan təhlükədən narahatdırlar.
“Aprelin 24-də Elnur zəng etmişdi. Onun səsi demək olar ki, çıxmırdı, Xırıldaya-xırıldaya danışırdı. Biz onun komaya düşəcəyindən narahatıq. Xahiş etməyimizə baxmayaraq aclığı davam etdirəcəyini bildirdi”, ailənin bir üzvü deyib.
Bununla yanaşı, aprelin 25-də özünü təcridxananın əməkdaşı kimi təqdim edən şəxs ailəyə zəng edib. O deyib ki, aprelin 25-də ailə üzvləri təcridxanaya gəlsin, təcridxana rəhbərliyi onlarla görüşmək istəyir.
Bununla yanaşı, Penitensiar Xidmət Amerikanın Səsinin Elnur Həsənovun səhhəti, sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.
Elnur Həsənov aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə və həbsinə etiraz olaraq aclıq elan etdiyini bildirib.
Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Partiya yoldaşları Həsənovu aclığı dayandırmağa razı salmağa çalışsalar da, o quru aclığı davam etdirir.
AXCP sədri Əli Kərimli aprelin 25-də bildirib ki, Elnur Həsənov həbsxanada həyatını itirə bilər.
“Elnur bəyin səhhəti çox ağırlaşıb. O, narkotiklə şərlənib həbs olunmasına, sonra da ağır işgəncələrə məruz qalmasına etiraz edir.
Dörd gün öncə Elnur bəyin məhkəməsində iştirak edib, ondan xahiş etdim ki, aclığı dayandırsın, heç olmasa, su içsin. Ancaq Elnur bəy razılaşmadı. Sadəcə yol polisini tənqid etdiyi üçün şərlənib, illərini məhbəsdə keçirməklə barışa bilmir.
Hakimiyyət Elnur bəyin həyatına qarşı tam etinasızlıq edir. Heç bir günahı olmayan şəhid qardaşını faktiki intihara, ölümə sürükləyirlər”, Kərimli qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.